Şarl Pyer Bodler

1857-ci ildə Parisdə şəhərin ən səs-küylü məhkəmə proseslərindən biri baş tutur. Bu məhkəmədə klassik fransız və dünya ədəbiyyatının ən istedadlı şairlərindən və tənqidçilərindən, simvolizmin banilərindən biri – ilk “lənətli şair” hesab edilən Şarl Pyer Bodler (Charles Pierre Baudelaire) “Şər çiçəkləri” (Les Fleurs du mal) adlı kitabındakı şeirlərə görə mühakimə olunurdu. Hakimin kitabdakı şeirləri vulqar və realist (pornoqrafik) adlandırmasına baxmayaraq, Bodler özünü müdafiəetmə zərurəti görmür. Bu şeirlərin belə sərt qarşılanmasının səbəbi isə iddia edildiyi kimi dinə qarşı hörmətsizlik deyil, məhz ictimai dəyərləri təhqir etməsi idi.

Şarl Bodler dünyaya gələndə atası Fransua Bodlerin 62, anasının isə 27 yaşı vardı. F.Bodler rəssamlıqla məşğul olduğu üçün oğlunu muzey və qaleriyalara aparır, rəssam dostları ilə tanış edərək onda da incəsənətə, rəssamlığa qarşı həvəs yaradır. Altı yaşında atasını itirən Şarlın bütün həyatına və yaradıcılığına təsir edən hadisə isə anasının ona “xəyanəti” – ərinin vəfatından bir il sonra general Osiplə ailə qurması olur. Bu evlilik onun bütün həyatında və yaradıcılığında öz mənfi təsirini göstərir.
Davamı →

Branislav Nuşiç | Serb və balkanların Qoqolu

Branislav Nuşiçin şəxsiyyətini açmaq üçün bir neçə tərif işlətməli olarıq: yazıçı, dramaturq, satirik, jurnalist, oçerk müəllifi, Serbiyada müasir ritorikanın banisi, dövlət məmuru, aktivist və sairə. Ancaq ədəbi fəaliyyətini bir sözlə ifadə etməli olsaq: serb və balkanların Qoqolu – onu tez-tez bu adla anırlar.

Həyat və fəaliyyəti
Branislav Nuşiç 20 oktyabr 1864-cü ildə (köhnə təqvimlə 8 oktyabrda) Belqradda Alkiviad Nuşa adı ilə dünyaya gəlib. Onun atası Georq Nusias makedoniyalı tacir, anası Lyubiça isə Brçkodan olan evdar qadın idi. Nuşanın atası serbləşmiş arumın, anası isə serb idi. İbtidai təhsilini Dunay sahilində kiçik Smederevo şəhərində, orta təhsilini isə Belqradda alır.

1882-ci ildə 18 yaşı olarkən Alkiviad Nuşa qanuni şəkildə adını Branislav Nuşiç olaraq dəyişir. O, Belqrad Ali Məktəbinə (sonralar Belqrad Universiteti adlanacaq) daxil olur və 1885-ci ildə hüquq fakültəsini bitirib. Həmin il – 21 yaşında olarkən – o, Serbiya Kral Ordusunda hərbi xidmətə yollanır. Nuşiç xidmət dövründə Serb-Bolqar müharibəsində (14–28 noyabr 1885) Qərbi Bolqarıstanda serb kapralı kimi iştirak edərək döyüşlərin birbaşa şahidi olur.
Davamı →

Herta Müller | Nobel nitqi

10 dekabr 2009-cu il

Əziz şahzadə, Xanımlar və Cənablar, Sevgili Dostlar!
Qəribədir ki, dərədə inəklərin keşiyini çəkən uşağın yolu Stokholm şəhər binasına da düşdü! Burada da, həmişə olduğu kimi, özümə kənardan baxıram.

O vaxtlar anamdan icazəsiz hazırlıq məktəbinə getmişdim. O, mənim kənddə dərzi olmağımı istəyirdi. O, şəhərə köçsəm, dəyişiləcəyimi bilirdi. Dəyişildim də… Kitab oxumağa başladım. Kənd mənə bir adamın doğulduğu, evləndiyi və öldüyü bir yer kimi görünməyə başladı.
Davamı →

Kenzaburo Oe | Nobel nitqi

10 dekabr 1994-cü il

Mən uşaqlığımı və yeniyetməliyimi Nils Holgerssonun böyük təsiri altında keçirən qəribə bir yaponam. Nilsin üzərimdəki təsiri o qədər böyük idi ki, o vaxtlar mən öz ölkəmdən daha yaxşı İsveçin gözəl yerlərini adbaad sadalayırdım.

Nilsin geniş zənginliyi mənim ədəbiyyata tutqunluğumu artırdı. Mən “Gencinin hekayəsi”nə etinasızlıq göstərmişdim. Özümü Selma Lagerlöfə daha yaxın hiss edir və bu məşhur “Xanım Murasaki” əsərinin müəllifindən daha çox hörmət edirdim. Ancaq yenə də Nils və onun dostlarına təşəkkürlər, mən “Gencinin hekayəsi”nə olan marağımı yenidən kəşf etdim. Nilsin təsiredici yoldaşlığı məni ora gətirdi.
Davamı →

Joze Saramaqo | Nobel nitqi

Əlahəzrət şahzadə, Xanımlar və Cənablar,
Ümumdünya İnsan Haqları Deklorasiyası 50 il əvvəl bu gün imzalanıb. İldönümü mərasimi hələ də davam edir. Amma bilirsiniz ki, zaman keçdikcə maraq azalır. Ortaya ciddi məsələlər çıxarsa, toplumun marağı hadisənin elə ertəsi günündə belə azala bilər. Yenə də bu anım mərasimlərinə qarşı çıxmıram. Mən də bir çoxuna mülayimliklə qatılmışam. Əgər uyğunsuz, vaxtı keçmiş, ya da yüngüllük hesab etməsəniz, buna bir neçə şey də əlavə edə bilərəm.

Bu 50 ildə hökumətlər əxlaqən etməli olduqları hər şeyi etmədilər əlbəttə. Haqsızlıq çoxaldı, bərabərsizlik artdı, cəhalət böyüdü və bədbəxtlik yayıldı. Qayalarının quruluşunu öyrənmək üçün başqa planetə alətlər göndərə biləcək bacarığı olan bu şizofrenik insanlıq, milyonlarla insanın aclıqdan ölməsi barədə laqeydliklə danışır. Marsa getmək qonşuya getməkdən daha asan görünür. Heç kəs öz vəzifəsini yerinə yetirmir. Hökumətlər də. Çünki bilmirlər, ya da edə bilmirlər və ya istəmirlər.
Davamı →

Anatol Frans | Nobel nitqi

Anatol FransMən ömrümün bu ahıl çağında sizin gözəl ölkənizi, güclü kişilər və gözəl qadınlar diyarını görmək üçün bura gəlməyi özümə borc bildim. Mən buraya ədəbi karyeramın yekun tacı olan mükafatı minnətdarlıq hissi ilə qəbul etmək üçün gəlmişəm.

Alfred Nobel kimi nəcib bir insanın təsis etdiyi, bunca səriştəli, ədalətli münsiflərin məni layiq bildikləri bir mükafatı almaq mənim üçün böyük şərəfdir. Fransa Akademiyasının üzvü kimi mənə bir neçə dəfə sizin dəvətinizlə ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının seçilməsində məsləhətçi qismində iştirak etmək nəsib olub. Məsələn, parlaq üslubu, azad fikri ilə fərqlənən Moris Meterlinkin, sizin ədalət və sülh mücəssəməsi kimi qəbul etdiyiniz, vicdanlı insan olaraq qalmaq xatirinə şan-şöhrətdən imtina etmiş Romen Rollanın seçilməsində də belə olmuşdu.
Davamı →

Məcid Qafuri - Başqırd xalqının ünlü şairi

Məcid QafuriBaşqırdların məşhur el qəhrəmanı və şairi Salavat Yulayevdən başlayaraq çarizmin müstəmləkə siyasəti ilə barışmayan başqırd xalqının söz ustadları kəndbəkənd, şəhərbəşəhər gəzərək qəhrəmanlıq dastanları söyləyib, millətin dərd-kədərini dilə gətiriblər, soydaşlarını milli oyanışa səsləyiblər. Onların könüllərə səpdiyi toxumlar çox keçmir cücərir. Başqırdlar içərisindən mübariz qələm sahibləri yetişir. Onlardan biri ünlü şair Məcid Qafuri olub.

Məcid Nurqəni oğlu Qafuri 1880-ci il avqust ayının 1-də Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailədə dünyaya göz açır. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir. Ərəb-fars dillərini öyrənir. Həmçinin xalq yaradıcılığı ilə tanış olur. Sonra Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. Ancaq tale gənc Məcidin üzünə gülmür. Əvvəl atası, az sonra isə anası dünyasını dəyişir. Bu itkilərdən sarsılsa da, təhsilindən ayrılmır. 1898-ci ildə Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsində təhsilini davam etdirməyə başlayır.
Davamı →

Heminquey - Amerika ədəbiyyatının təkrarsız dühası

Ernest HeminqueyDüşündürücü, insanın həyat amallarını, duyğularını ifadə edən yaradıcılıq nümunələri zaman və məkan hüdudlarına sığmır. Bəzən min illər öncədən çağımıza səslənən fikirləri rahatlıqla qəbul edir, daha doğrusu, ona ehtiyac duyuruq. Elə də olur ki, okeanın o tayından, min kilometrlərlə uzaqda yaranmış bir hekayənin, bir rəsm əsərinin sorağını alıb oxumağa, tamaşa etməyə can atırıq...

Bu yazımızın 120 yaşlı qəhrəmanı – ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey də bir əsrə yaxındır uzaq Amerikadan bənzərsiz bədii yaradıcılığı ilə bəşəriyyətə söz, sənət zövqü yaşadır. O, qələmə aldığı nəsr əsərlərilə yanaşı, macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.
Davamı →

Gənc şair V.Ş | Vladimir Nabokov

Onun haqqında xatirələrim bu ilin baharını keçmir. Hansısa ədəbi gecələrdən biriydi. Antraktdan istifadə edib bu darıxdırıcı tədbiri tərk etmək istəyirdim. Lakin binanın pilləkanlarını enərkən arxamda ayaq səsləri eşitdim və geri çevrilərkən onu ilk dəfə gördüm. O, məndən iki pillə yuxarıda ayaq saxlayıb özünü təqdim etdi:
— Mənim adım Vasili Şişkovdur. Mən şairəm...

Bu, əsl rus görkəmli – enli dodaqlı, boz gözlü, gur səsli, möhkəm bədənli gənc idi.
— Mən sizinlə bir məsələ barədə məsləhətləşmək istərdim,- o davam elədi,- mümkünsə, bir vaxt təyin edib görüşərdik.
Davamı →

Hər şey kasıb olduğumuza görədir | Xuan Rulfo

Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı.

Üstəlik, dünən bacım Taçanın on iki yaşı tamam oldu, atam ona inək bağışladı, sonra bizə dedilər ki, atamın bacıma bağışladığı inəyi sel aparıb.

Çayın suyu üç gün bundan qabaq, alatoranlıqdan artmağa başlamışdı. Mən evdə yatmışdım, birdən uğultuya oyandım, əvvəl-əvvəl elə bildim dam üstümə uçur, adyalımı da qucaqlayıb bayıra qaçdım. Sonra başa düşdüm ki, bu, çayın səsiymiş, təzədən uzanıb yatdım.
Davamı →